BAKI, 14 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 210.269 şəxs qəbul edilib və onlara 333.849 xidmət göstərilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu xidmətlərdən 111,8 mindən çoxu yaxını şifahi xidmətlər (vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması), 82,6 minə yaxını isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibi və elektron formada göndərilməsi) olub.

Qeyd olunan dövrdə təqdim edilmiş ümumi xidmətlərin 90,1 faizini bəyannamələrin və hesabatların təqdim edilməsi, eləcə də cari vergi ödəmələri üzrə arayışların vergi orqanlarına verilməsi, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və ya bərpası, sadələşdirilmiş vergi, sosial sığorta və icbari tibbi sığorta ödənişləri üzrə qəbzlərin verilməsi, Asan İmza sertifikatlarının verilməsi, vergi ödəyicisinə müxtəlif arayışların təqdim olunması, fiziki şəxsin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi, təsərrüfat subyektinin (obyektinin) uçota alınması və ya uçotdan çıxarılması təşkil edib.

Bundan əlavə, hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 12,2 minə yaxın yazılı müraciət cavablandırılıb, 9,3 milyona yaxın məlumatlandırıcı məktub və bildiriş göndərilib. Dövr ərzində 1.505 vergi ödəyicisinin iştirakı ilə 138 görüş təşkil olunub, 1 686 vergi ödəyicisinə isə ünvanlı xidmət göstərilib.

Eyni zamanda, həmin dövrdə vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 784 minə yaxın SMS göndərilib. Həmçinin 108.017 müraciət üzrə ümumilikdə 161.897 Asan İmza sertifikatı təqdim edilib.