BAKI, 25 aprel. TELEQRAF

Bakı şəhərində mobilliyin artırılması və sərnişinlərin rahatlığı üçün genişmiqyaslı yenidənqurma işlərinə start verilib.

"Bakı Metropoliteni" QSC-dən Teleqraf-a verilən məlumata görə 10 yeni metro stansiyası tikiləcək və hazırda bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərən qırmızı və yaşıl xətlər ayrılaraq müstəqil şəkildə işləməyə başlayacaq.

Qurumdan bildirilib ki, hazırda hər iki xəttin kəsişdiyi “28 May” stansiyası ətrafında tunellərin qazılması planlaşdırılır. Bu məqsədlə “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellər çəkiləcək. Mürəkkəb geoloji şəraitə baxmayaraq, müasir texnologiyaların tətbiqi ilə işlər effektiv şəkildə icra ediləcək. “28 May” stansiyası ətrafında şaxtaların qazılması isə nəqliyyat axınına və dəmir yolunun işinə təsir etməyəcək. “Cəfər Cabbarlı” və “28 May” stansiyaları arasında, həmçinin “Xətai” stansiyası istiqamətində sərnişin axınının daha düzgün təşkili üçün mövcud keçidə bənzər yeni keçid inşa olunacaq.

Davamlı və təhlükəsiz enerji təminatı üçün isə yeni elektrik yarımstansiyaları tikiləcək, mövcud yarımstansiyalarda əsaslı təmir və yenidənqurma işləri aparılacaq. “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında yeni yarımstansiyalar inşa olunacaq.

Layihənin ən mühüm mərhələlərindən biri “Dərnəgül” elektrik deposunun tikintisidir. Hazırda Bakı metrosunun balansında “Nərimanov” (qırmızı və yaşıl xətlər üçün) və “Xocəsən” (bənövşəyi xətt üçün) adlı iki depo mövcuddur. Xətlərin ayrılması çərçivəsində yaşıl xətt üçün ayrıca depo tikiləcək. Müasir standartlara cavab verəcək “Dərnəgül” deposunda 40-dan artıq obyektin inşası planlaşdırılır. Depo istifadəyə verildikdən sonra “Cəfər Cabbarlı” və “Nizami” arasında tunel inşası başlayacaq. Eyni zamanda, “İçəri Şəhər” stansiyasında qatarların geri dönməsi üçün dönmə tuneli tikiləcək, bu da “İçəri Şəhər” – “Həzi Aslanov” marşrutunda intervalın 2 dəqiqə və daha az müddətə enməsinə şərait yaradacaq.

Bütün bu işlər 10-11 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində metro xətləri ayrılacaq və yenidən formalaşdırılmış sərnişindaşıma sxemi tətbiq olunacaq: Dərnəgül – Nizami – Dərnəgül, Xətai – Cəfər Cabbarlı – Xətai, Həzi Aslanov – İçəri Şəhər – Həzi Aslanov istiqamətləri üzrə hərəkət təmin olunacaq.

Sərnişinlər qırmızı xətdən yaşıl xəttə keçmək üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından çıxaraq alternativ yerüstü nəqliyyat vasitələrindən istifadə edə biləcəklər. Qurum bildirib ki, bu məqsədlə “AYNA” ilə əməkdaşlıq çərçivəsində əlavə tədbirlər görülür.

“Xətai” stansiyasında infrastrukturun geri dönüşə imkan verməməsi səbəbilə qatarlararası interval hələlik 3 dəqiqə 30 saniyədir. Amma yaşıl xətt üzrə 4 yeni stansiyanın tikintisi ilə bu interval 2 dəqiqə 30 saniyəyə endiriləcək. Layihənin sonrakı mərhələsində yaşıl xətt birbaşa “Həzi Aslanov” stansiyasına birləşdiriləcək. Beləliklə, sərnişinlər “Dərnəgül”dən “Həzi Aslanov” istiqamətinə daha qısa və rahat marşrutla hərəkət edə biləcəklər. Bu da qırmızı xəttin yüklənməsini azaldacaq.

Qeyd edək ki, bütün bu işlər 2025-ci il yanvarın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş dövlət proqramı çərçivəsində həyata keçirilir.