BAKI, 24 aprel. TELEQRAF

Azərbaycanda pambığın 50% güzəştlə sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondundan Teleqraf-a verilən məlumata görə mövcud aqrar sığorta mexanizmi dolu, sel-subasma, leysan, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar nəticəsində dəyən zərərləri də qarşılayır.

Fond-dan bildirilib ki, pambıq sahəsini sığorta etdirmək fermerə cüzi məbləğə başa gəlir. Belə ki, ölkənin əksər rayonlarında 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat ətrafında dəyişir.

2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edildiyi halda, 2024-cü ildə sığortalanan pambıq əkinlərinin sahəsi 2 dəfə artaraq 29 min hektara yaxınlaşıb.

Sığortalanmış pambıq sahələrinin sahəsi ilə yanaşı, pambıq becərən fermerlərə dəymiş zərərə görə sığorta ödənişlərinin həcmi də artır. 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə təqribən 4 min hektar əraziyə dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 880 min manatdan artıq sığorta ödənişi edilib.

Qeyd edək ki, Azərbaycanda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq sahələrinin böyük hissəsi Mil Muğan, Salyan-Şirvan və Mərkəzi Aran iqtisadi zonalarının payına düşür. Ölkənin əsas pambıqçılıq rayonları isə Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Bərdə və digər rayonlardır.