BAKI, 23 aprel. TELEQRAF
ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" bu ilin ilk rübündə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalaraq 409 milyon dollara düşdüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, şirkətin 2024-cü ilin birinci rübündəki xalis mənfəəti 1,39 milyard dollar olmuşdu.
"Tesla"nın açıqladığı balans hesabatına görə, gəlirlər də 9 faiz azalaraq 19,3 milyard dollara enib. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə şirkət 21,3 milyard dollar gəlir əldə etmişdi. Şirkətin səhm başına qazancı isə 41 sentdən 12 sentə düşüb. Bu göstəricilər analitiklərin bazar gözləntilərindən də aşağı olub.
İstehsal və çatdırılma saylarında da geriləmə qeydə alınıb. Şirkət 2025-ci ilin ilk üç ayında qlobal miqyasda 362 615 avtomobil istehsal edib və 336 681 avtomobil təhvil verib. İstehsal 16,3%, təhvil verilən avtomobillərin sayı isə 13% azalıb.
Şirkətin sahibi İlon Maskın keçmiş Donald Trampı dəstəkləməsi və Tramp administrasiyasında rol alması səbəbindən "Tesla" etirazlar və boykotlarla üzləşib. Nəticədə, "Tesla"nın səhmləri ilin əvvəlindən bəri 41% dəyər itirib.