BAKI, 21 aprel. TELEQRAF

Qeyri-qanuni onlayn kriptovalyuta kazinoları 2024-cü ildə 81,4 milyard dollar gəlir əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) onlayn cinayət platforması "Yield Sec"in məlumatına istinadən xəbər verib.

Bildirilib ki, son üç ildə qeyri-qanuni kripto kazinolardan əldə olunan gəlir beş dəfə artıb.

"Yield Sec"in hesablamalarına görə, hazırda dünyada on minlərlə kripto kazino fəaliyyət göstərir və milyonlarla istifadəçiyə xidmət edir. Platformanın məlumatına əsasən, bu kazinolardakı depozitlər tənzimlənən obyektlərlə müqayisədə orta hesabla 10 dəfə daha yüksəkdir.

Qeyd edək ki, kriptovalyuta ilə mərc etmək bir çox ölkələrdə, o cümlədən ABŞ, Çin, Avropa İttifaqı və Böyük Britaniyada qeyri-qanuni hesab olunur və bu saytlar bloklanır. Lakin istifadəçilər saxta sxemlər vasitəsilə bu platformalara çıxış əldə edə bilirlər.

Böyük Britaniyanın Sosial Bazar Fondunun tədqiqatçısı James Noyes bildirib ki, bəzi tənzimləyici orqanlar və operatorlar yerli qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən ofşor şirkətlərə göz yumurlar. Mütəxəssislər əlavə edirlər ki, xərcləmə limitlərinin olmaması və effektiv “müştərini tanı” (KYC) prosedurlarının tətbiq edilməməsi kripto kazinoları problemli qumarbazlar üçün daha cəlbedici edir.

Ekspertlərin fikrincə, dəyəri sabit olmayan kriptovalyutaların istifadəsi də qumar risklərini artırır. “Financial Times”in müsahibə aldığı keçmiş problemli qumarbaz isə bildirib ki, kriptovalyuta bu qeyri-tənzimlənən oyun saytlarına “əlavə risk elementi” qataraq təhlükələri ikiqat artırıb.