BAKI, 17 aprel. TELEQRAF

Azərbaycan Kosmik Agentliyi 2022 və 2023-cü illərdə əməliyyat və maliyyələşdirmə fəaliyyətləri üzrə təsdiq olunmuş smetadan kənar xərclər həyata keçirib.

Teleqraf Hesablama Palatasının audit rəyinə əsasən xəbər verir ki, 2022-ci ildə əməliyyat və maliyyələşdirmə fəaliyyətləri üzrə müvafiq olaraq 3 089,0 min manat (10%) və 4 078,2 min manat (6%) çox, investisiya fəaliyyəti üzrə isə 4 627,2 min manat (45%) az xərc icra olunub.

Bundan əlavə, Agentlik 2022-ci ildə 9 605,8 min manatlıq 61 müqavilə, 2023-cü ildə isə 10 393,9 min manatlıq 94 müqaviləni bir mənbədən satınalma metodu ilə imzalayib. Lakin “Dövlət Satınalmaları haqqında” Qanunun və Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə əməl etməyib. 2022-ci ildə 15 halda 945,3 min manat, 2023-cü ildə isə 19 halda 2 229,9 min manat məbləğində müqavilələr tender keçirilmədən birbaşa bağlanıb. Eyni zamanda 2023-cü ildə bir halda ixtisas uyğunluğuna cavab verməyən podratçı ilə 110,0 min manatlıq müqavilə imzalanıb.

Araşdırma zamanı həmçinin məlum olub ki, bəzi hallarda iş və xidmətlərin həcmi təkrar göstərilərək 2022-ci ildə 28,9 min manat, 2023-cü ildə isə 366,8 min manat artıq ödəniş edilib. Satınalma müqavilələri üzrə təminatlar alınmayıb və müqavilə öhdəlikləri pozulmasına baxmayaraq cərimə tədbirləri tətbiq edilməyib.