BAKI, 17 aprel. TELEQRAF

Rəsmi Dehli Çindən istehsalatını çıxarmaq istəyən ABŞ şirkətlərinə Hindistana köçürməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti məlumat yayıb.

Rəsmi məlumata görə, Hindistan xüsusilə elektronika və əczaçılıq sahələrində yeni imkanlardan yararlanmaq istəyir.

Qəzet qeyd edir ki, Yeni Dehli hökuməti elektronika, əczaçılıq, kimya sənayesi, avtomobil istehsalı, oyuncaqlar, kondisionerlər və məişət texnikası kimi 10-12 sahəni prioritet sektorlar kimi müəyyənləşdirib. Hindistan bu sahələrdə rəqabət üstünlüyünə malik olduğunu hesab edir və həmin sahələrin inkişafına xüsusi dəstək verilməsi planlaşdırılır.

Bundan əlavə, Hindistan hökuməti yerli şirkətlərin ABŞ bazarına çıxışını da təşviq etməyi planlaşdırır. Bu məqsədlə yaxın günlərdə biznes nümayəndələri ilə strateji planların müzakirə edilməsi üçün görüş keçirilib. Bu addımlar Hindistan və ABŞ arasında gözlənilən ikitərəfli ticarət sazişi danışıqları ərəfəsində atılır.

Hazırda ABŞ-yə Çindən idxal edilən elektron məhsullar, o cümlədən "iPhone" smartfonları 20% gömrük rüsumu ilə üzləşir. Hindistanda istehsal olunan məhsullar isə belə rüsumlardan azaddır. Sənaye rəhbərləri bildirirlər ki, Hindistan ABŞ-Çin ticarət qarşıdurmasının yaratdığı fürsətlərdən tam istifadə edə bilmək üçün dəqiq və planlı strategiya hazırlamalıdır. Əks halda bu fürsətlərdən Vyetnamın yararlana biləcəyi qeyd olunur.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə qarşı gömrük rüsumlarının tətbiq olunduğunu açıqlayıb. Bu siyahıya Rusiya daxil edilməyib. Yeni tariflər 5 apreldə 10% səviyyəsində qüvvəyə minib, fərdi tariflər isə 9 apreldən tətbiq olunacaq. Eyni zamanda, Tramp bəzi ölkə və ərazilərə tətbiq edilən əlavə rüsumların 90 günlük müddətə dayandırıldığını da bəyan edib.

Bununla yanaşı, Çin məhsullarına tətbiq edilən tariflər də artırılıb. ABŞ, Kanada, Çin və Meksika hökumətlərinin fentanil qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərmədiyini əsas gətirərək, Çindən idxal olunan mallara əvvəlki 20%-lik tariflə birlikdə ümumi 145% gömrük rüsumu tətbiq edib.