BAKI, 18 mart. TELEQRAF

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşımalarında artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu dövrdə ölkə üzrə ümumilikdə 308,6 milyon sərnişin daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,8% artım deməkdir.

Dəmiryolu və dəniz nəqliyyatında sərnişin daşıma artıb

Dəmiryolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,4 milyon nəfərə çatıb və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1% artım deməkdir. Dəniz nəqliyyatı sahəsində 4,2 min nəfər daşınıb, burada isə 5% artım baş verib. Hava nəqliyyatı ilə 581,4 min sərnişin daşınıb, bu göstərici ötən illə müqayisədə 17,8% artım təşkil edir. Beləliklə, hava nəqliyyatında sərnişin dövriyyəsi 1 milyard 181,8 milyon sərnişin-km olub və bu sahədə ən yüksək artım – 20,3% qeydə alınıb. Dəmiryolu nəqliyyatında bu göstərici 65,2 milyon sərnişin-km, dəniz nəqliyyatında isə 1,9 milyon sərnişin-km olub.

Metrodan istifadə edənlər azalıb

Metro istifadəçilərinin sayı isə 34,8 milyon nəfər olub. Bu isə 1,2% azalma deməkdir. Metroda 410,4 milyon sərnişin-km dövriyyə qeydə alınıb ki, bu da 1,1% azalma deməkdir.

Avtobus istifadəçilərinin sayı çoxalıb

Avtomobil nəqliyyatı ilə ümumilikdə 271,8 milyon sərnişin daşınıb, burada 5,6% artım müşahidə olunur. Bunun 206,1 milyonu avtobus ilə daşınıb. Avtobusla daşınmada 5,6% artım qeydə alınıb. Avtobusla daşınmada 4 milyard 29,7 milyon sərnişin-km dövriyyə qeydə alınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7% artım deməkdir.