
BAKI, 13 mart. TELEQRAF
2025-ci ilin fevralında qlobal neft təklifi gündəlik 240 min barel artaraq 103,3 milyon barelə çatıb. Bu artım, ABŞ-də soyuq hava səbəbindən mümkün olub.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) mart hesabatında bildirilib.
Qeyd edilib ki, “OPEC+” üzrə neft hasilatı gündəlik 220 min barel artıb, bu da Qazaxıstanın "Tenqiz" yatağında hasilatın rekord səviyyəyə çatması, İran və Venesuelanın isə daha sərt sanksiyalar ərəfəsində təchizatı artırması ilə bağlıdır. Ümumilikdə, agentliyin gözləntisi “OPEC+” ölkələrinin könüllü hasilat məhdudiyyətlərini qoruyub saxlaması halında, 2025-ci ildə qlobal neft təchizatının gündəlik 1,5 milyon barel artaraq 104,5 milyon barelə çatacağı yönündədir.
IEA-nın ekspertləri hesab edir ki, 2025-ci ildə qlobal neft təchizatının gündəlik 1,5 milyon barel artımını alyansa daxil olmayan ölkələri təmin edəcək. “OPEC+” ölkələri isə gündəlik 30 min barel artım təmin edəcək. Əlavə olaraq, əgər “OPEC+” könüllü hasilat azalmalarını tamamilə ləğv etsə, 2025-ci il üzrə təchizat proqnozuna əlavə 400 min barel/gün əlavə oluna bilər.
Beləliklə, 2025-ci ildə neftə tələbatın gündəlik 103,9 milyon barel olacağı proqnozunu nəzərə alaraq, bu il qlobal neft bazarındakı profisit gündəlik 600 min barel təşkil edə bilər.