BAKI, 17 fevral. TELEQRAF
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda real ümumi daxili məhsul (ÜDM) artımının 2% təşkil edəcəyini proqnozlaşdırıb.
Teleqraf xəbər verir ki, agentlik 2026-cı ildə də ÜDM artımını eyni səviyyədə nəzərdə tutub.
Sənddə diqqəti çəkən mənzil bazarı ilə bağlı proqnozlardır. Gözləntilərə əsasən, 2025-ci ildə mənzillərin qiymətləri təxminən 5-10% artacaq.
Agentlik Azərbaycanda bankların kredit portfelinin 2025-ci ildə təxminən 15% artaracağını proqnozlaşdırıb. Qeyd edilib ki, Azərbaycanda kreditlərin artımı neft qiymətləri ilə əlaqəlidir. 2021-2024-cü illərdə kreditlər 18% artıb. Kredit portfelinin ümumi artımı əsasən istehlak kreditlərinin yüksək artım tempi hesabına baş verib.
“Azərbaycanda özəl sektorun borc yükü region ölkələr arasında ən aşağı səviyyədə qalır, burada ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14%, korporativ borcun ÜDM-ə nisbəti isə 10%-dir. 2025-ci il martın 1-dən etibarən, Mərkəzi Bank əlavə 0.5% əks-tsiklik kapital buferi tələb edəcək, çünki kredit boşluğu göstəricisi (kreditin ÜDM-ə nisbətinin uzunmüddətli trenddən fərqi) 2%-dən çoxdur”, - deyə hesabatda qeyd edilib.