“Apple” baş icraçı direktoru (CEO) Tim Kukun şirkətdəki illik maaşının təxminən 40 faiz azalacağını açıqladı.

Teleqraf.com xəbər verir ki, “Apple”ın əməkhaqqı komitəsi Kukun 2023-cü il üçün hədəf gəlirini 49 milyon dollar səviyyəsində müəyyənləşdirib.

Şirkətin açıqlamasına görə, əməkhaqqı komitəsi Kukun gəlirlərinin yenidən təşkili ilə bağlı tövsiyəni səhmdarların rəyi və “Apple”ın müstəsna fəaliyyəti ilə balanslaşdırıb.

İllik maaşı 3 milyon dollar və bonusları 6 milyon dollara qədər dəyişməyən Kukun şirkət paylarından əldə etdiyi gəlirin azalacağı bildirilir. Buna uyğun olaraq, 2022-ci ildə hədəf gəliri 84 milyon dollar olan Kuk üçün bu il 40 faiz endirimlə bu rəqəm təxminən 49 milyon dollara düşüb.

Keçən il tədarük zəncirindəki problemlər və qlobal iqtisadi daralma səbəbindən “Apple”ın səhmlərinin dəyəri təxminən 20 faiz azaldı.

Bildirilir ki, Kukun şirkətin səhmdarlarının tənqidi üzərinə şirkətdən əldə etdiyi gəlirin illik 40 faiz azaldılmasını istəyib.

“Forbes” jurnalının məlumatına görə, 62 yaşlı Kukun şəxsi aktivləri 1,7 milyard dollar təşkil edir.