Avropa İttifaqı keçən il daşqın fəlakətindən zərər çəkən Pakistana 500 milyon avro yardım edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen deyib.

İsveçrənin Cenevrə şəhərində BMT və Pakistanın ev sahibliyi etdiyi “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib. Von der Leyenin konfransa göndərdiyi video müraciətdə Pakistanın dünyadakı ən böyük təbii fəlakətlərdən birini yaşadığını xatırladıb: “Pakistan xalqının köməyə ehtiyacı var. Pakistanın yenidən qurulması və humanitar yardım üçün 500 milyon avro yardım ayrılacaq.

Aİ ilə Pakistan bir müddət əvvəl iqtisadi əməkdaşlıq layihələri çərçivəsində 87 milyon avroluq bir paket üzərində razılaşdı. Aİ-nin humanitar yardımları isə 172 milyon avroya yüksəlib”.

Qeyd edək ki, 2022-ci ilin yayında Pakistanda baş verən sel fəlakəti nəticəsində təxminən 1740 insan həyatını itirib, 12 mindən çox insan isə yaralanıb.

Ölkə üzrə 33 milyondan çox insana ziyan vuran daşqınların vurduğu zərərin 30 milyard dolları keçdiyi açıqlanıb. Bildirilir ki, ölkənin uzunmüddətli bərpası və yenidən qurulması üçün 16 milyard dollar lazımdır.