“Qısa zamanda “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları bərpa edilərək işlək vəziyyətə gətirildi. İndiyə qədər “Suqovuşan-1”də 600 min kilovatt saat enerji istehsal olunub ki, bu da Suqovuşan və Talış kəndlərinin enerji təchizatında mühüm rol oynayıb. Eyni zamanda bu proses “Azerenerji”nin şəbəkəsinə qoşulub”.
Bunu Teleqraf.com-a iqtisadçı Eldəniz Əmirov deyib.
O qeyd edib ki, bu tip su elektrik stansiyaları təkcə enerji təminatında deyil, eyni zamanda kənd təsərrüfatı üçün də son dərəcə strateji əhəmiyyətə malikdir: “Bu stansiyalarda enerji istehsalı prosesində bir müddət fasilə verilir. Ona görə burada su ehtiyatlarından daha çox kənd təsərrüfatı sahələrinin suvarılmasında istifadə edilir. Qarşıdakı aylarda iqlim şəraiti ilə əlaqədar su ehtiyatlarından enerji hasilatı məsələsi daha çox üstünlük təşkil edəcək.
İşğaldan azad edilmiş ərazilərdə müxtəlif yarımstansiyalar qurulur. Amma yarımstansiyaların funksiyası əsas su elektrik stansiyaların funksiyasına tay tutula bilməz. Yarımstansiyadan fərqli olaraq su elektrik stansiyasında birbaşa enerji istehsal olunur. Yarımstansiyalar isə bu enerjini istehlak üçün çevirmə prosesini icra edir”.
İqtisadçının sözlərinə görə, regionda Azərbaycanın su ehtiyatları aşağı həcmdədir: “Cənubi Qafqazda su ehtiyatların 62 faizi Gürcüstanda, 28 faizi Ermənistanda olduğu halda, Azərbaycanda su ehtiyatlarının yalnız 10 faizi toplanıb. Belə olan halda Suqovuşan kimi strateji əhəmiyyətli bir ərazinin Ermənistanın əlində olması ciddi fəsadlara gətirib çıxarmışdı.
Suqovuşanın işğaldan azad olunması məhz bu 10 faizlik potensialdan maksimum istifadəyə yaxın bir göstəricilərin əldə olunmasına fürsət yaratmışdı. Regionda təxminən 310 milyard kubmetrlik su ehtiyatı vardısa, bunun 30,9 milyard kubmetri Azərbaycanın payına düşür. Hesab edirəm ki, Suqovuşan su anbarına nəzarətin təmin edilməsi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı probleminin həll edir”.