BAKI, 29 avqust. TELEQRAF
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
İKTA-dan Teleqraf-a verilən məlumata görə, hesabatda 2025-ci ilin II rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2025-cü ilin I rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.
21 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər "ALNET" MMC (9.05), "ULTRANET" MMC (7.45), "UPLİNK" MMC (5.80), "BULUD TELECOM" MMC (5.03), "GSP" MMC (4.46) olub.
Məlumata görə, ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "METRONET" MMC (22 gün), "ULTRANET" MMC (20 gün), "BULUD TELECOM" MMC (18 gün), "UPLİNK" MMC (8) və "UNİNET" (8 gün) qərarlaşıb.
Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 8600-ə yaxın müraciət daxil olub.