BAKI, 16 oktyabr. TELEQRAF

Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Şarabutdin Maqomedov (Şara Bullet) UFC-nin keçmiş çempionu, nigeriyalı İsrael Adesanya ilə qarşılaşacaq.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış MMA jurnalisti Ariel Helvani məlumat yayıb.

Onun sözlərinə görə, döyüş dekabrın 5-də Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan UFC turnirində baş tutacaq.

Orta çəki dərəcəsində təşkil olunacaq qarşılaşmanın turnirin əsas döyüşü olması nəzərdə tutulur.

32 yaşlı Şarabutdin Maqomedov peşəkar MMA karyerasında 17 qələbə qazanıb və cəmi bir dəfə məğlub olub.

37 yaşlı İsrael Adesanyanın isə aktivində 24 qələbə və 6 məğlubiyyət var.

Adesanya 2019-cu ilin aprelində UFC-nin orta çəki dərəcəsində müvəqqəti çempionu olub. Həmin ilin oktyabrında avstraliyalı Robert Uittakeri məğlub edərək əsas çempionluq kəmərinə sahib çıxıb və sonradan titulunu beş dəfə qoruyub.

Nigeriyalı döyüşçü 2022-ci ilin noyabrında braziliyalı Aleks Pereyraya uduzaraq çempionluq kəmərini itirsə də, 2023-cü ilin aprelində revanş görüşündə qalib gələrək titulunu geri qaytarıb.

Adesanya 2023-cü ilin sentyabrında amerikalı Şon Striklendə məğlub olduqdan sonra yenidən çempionluq kəmərindən məhrum olub.