GƏNCƏ, 28 sentyabr. TELEQRAF
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.
Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək dedi:
-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva.
Hörmətli qonaqlar, atletlər, məşqçilər və idmansevərlər.
Sizi Azərbaycanın qədim diyarı Gəncə şəhərində salamlayır, Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarına xoş gəlmisiniz deyirəm.
Bu gündən etibarən Gəncə və daha altı şəhərimiz – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edəcək.
On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır.
Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək.
Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.
İnanırıq ki, III MDB Oyunları da bu baxımdan əlamətdar olacaq. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir.
İrimiqyaslı idman yarışlarının ölkənin regionlarında təşkilinə göstərdiyi qayğıya və verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığımızı ifadə edirik.
Təşkilat Komitəsi olaraq bildiririk ki, şəhərlərimiz MDB Oyunlarının keçirilməsinə, idmançıları azərbaycanlılara xas qonaqpərvərliklə qəbul etməyə tam hazırdır.
Əziz idmançılar və qonaqlar, əminik ki, Azərbaycan bu günlər ərzində sizin üçün ikinci eviniz kimi doğma olacaq. Siz gözəl və zəngin təəssürat toplayacaq, yeni dostlar qazanacaqsınız.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarında iştirak edən bütün atletlərə uğurlar arzulayırıq. Ümidvarıq ki, onların əzmkarlığı layiqincə qiymətləndiriləcək.
Bu idman bayramı ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsində yeni bir mərhələ açacaq və Oyunların şüarında deyildiyi kimi, hər bir ürəkdə qələbə işığı yandıracaq.
***
20:13
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Teleqraf-ın Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, Gəncə Şəhər Stadionunda təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və bir sıra dövlət rəsmiləri iştirak edib.
Saat 19:00-da start götürən mərasimə yarışlarda iştirak edən 13 ölkədən ümumilikdə 1624 idmançının ənənəvi paradı ilə başlanılıb.
Azərbaycanın bayraqdarları karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə olublar. Onların rəhbərliyi ilə Azərbaycan komandasının keçidi böyük alqışlarla qarşılanıb.
Daha sonra III MDB Oyunlarının Milli Təşkilat Komitəsinin sədri Samir Şərifov, MDB Baş Katibinin müavini Nurlan Seyitimov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Onların ardınca isə idmançılar adından çövkən üzrə Azərbaycan milli komandasının kapitanı Elçin Camallı, məşqçilər adından U-17 sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov, hakimlər adından isə bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Ləman Cəbrayılova yarışların ədalətli keçəcəyinə and içiblər.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Açılış mərasimi Azərbaycanın zəngin mədəniyyətini və tarixi irsini əks etdirən rəngarəng şou proqramla davam edib.
III MDB Oyunları "Hər qəlbdə bir qələbə" şüarı altında keçirilir və maskotları Qafqaz bəbirinin obrazı əsasında yaradılmış "Bəbir" və "Leyla”dır.
Qeyd edək ki, 28 sentyabr - 8 oktyabr tarixlərində davam edəcək Oyunlar təkcə Gəncə deyil, həm də Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.
III MDB Oyunları MDB ölkələrinin idmançılarını bir araya gətirməklə yanaşı, həm də Türkiyə, Kuba, Küveyt, Pakistan və Oman kimi qonaq ölkələrdən gələn idmançılara da ev sahibliyi edir. Turnirin bağlanış mərasimi isə oktyabrın 8-də yenidən Gəncə Şəhər Stadionunda keçiriləcək.