BAKI, 26 yanvar. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebel sexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 5kv.m. olan gözətçi köşkünün və sexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.
Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.