BAKI, 26 yanvar. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Qəbələ rayonu, Nic qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrindən 2 nəfər yaralı vəziyyətdə və 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.