BAKI, 21 yanvar. TELEQRAF

Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib.

***

13:24

Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən "Penguin" boya satışı və başqa bir neçə mağazada baş verən yanğının ətrafındakı mağazalar boşaldılır.

Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, mağazaların sahibləri vətəndaşların köməyi ilə içəridəki məhsul və əşyaları çölə çıxarır.

Hazırda yanğının yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

13:11

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

12:36

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12:17

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığında obyektlərin birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Teleqraf-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

12:04

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində, ilkin məlumata əsasən, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.