LAÇIN, 27 iyul. TELEQRAF
Laçın rayonunun Qarakeçdi kəndində ötən gün baş verən ağır yol qəzasında ölənlər bir ailənin üzvləridir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində dünyasını dəyişən Mahir Abdullayev və Şəhla Novruzova ər-arvaddır.
Qəzada vəfat edən Xədicə Novruzova Şəhlanın bacısıdır.
Avtomobilin aşması nəticəsində xəsarət alan Ramilə Abdullayeva isə Mahir Abdullayevin qardaşı qızıdır. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda müalicəsi davam edir.
Məlumata görə, M.Abdullayev əvvəllər polis işləyib. Təqaüdə çıxandan sonra isə Bakıda marşrut avtobusu sürürmüş.

M.Abdullayev və Şəhla Novruzovanın 3 övladı var.
Ailə Laçının Hacıxanlı kəndinə doğma yurdlarını görməyə gedibmiş.
Teleqraf M. Abdullayevin qəzadan az əvvəl sosial şəbəkədə paylaşdığı videonu təqdim edir:
***
00.55
Laçında baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, keçmiş polis əməkdaşı Laçın rayonunun Hacıxanlı kənd sakini, müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, 17 nömrəli yataqxanada məskunlaşmış 1968-ci il təvəllüdlü Mahir Əhəd oğlu Abdullayev idarə etdiyi “Mersedes” markalı 50 DU 564 dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək yol maşını kənarına aşırıb. Laçın rayonunun Qarakeçdi kəndi ərazisində baş verən qəzada hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Laçın rayonunun Qarakeçdi kəndi ərazisində baş verən qəza nəticəsində sürücü M.Abdullayev, maşında sərnişin qismində əyləşmiş həmyerlisi, müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 17 nömrəli yataqxanada məskunlaşmıış 1967-ci il təvəllüdlü Şəhla Kamil qızı Novruzova və Laçın rayonunun Qarabəyli kənd inzibati ərazi dairəsinin Lolabağırlı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bərdə şəhərində məskunlaşmış 1982-ci il təvəllüdlü Xədicə Kamil qızı Novruzova hadisə yerindəcə həlak olublar. Avtomobildə olan digər sərnişin - Laçın rayonunun Hacıxanlı kənd inzibati ərazi dairəsinin Hacıxanlı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Abşeron rayonunun Mehdiabad qəsəbəsi Gənclər Şəhərciyində məskunlaşmış 2004-cü il təvəllüdlü Ramilə Yasən qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R. Abdullayevaya Şuşa şəhərində ilkin tibbi yardım göstərildikdən sonra o, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma davam edir.
***
26 iyul, 23.07
Laçında 3 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qarakeçdi kəndi ərazisində baş verib.
Belə ki, Mahir Abdullayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, habelə sərnişinlər Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində ölüb.
Digər sərnişin Ramilə Abdullayeva isə ağır xəsarət alıb.
Ölən və yaralanan şəxslərin hamısının bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Teleqraf Laçındakı qəzada dünyasını dəyişmiş sürücünün fotosunu təqdim edir:
