![](https://teleqraf.az/storage/2023/09/06/715x378/zorakiliq.jpg)
BAKI, 18 fevral, TELEQRAF
Ötən il ərzində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 0,7 faiz azalıb, yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı isə 5,3 faiz artıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd olunub.
2024-cü ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 22325 nəfərin 1471-i və ya 6,6 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.
Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 2,8 faiz azalıb ki, onların da 83,5 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.
Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 33,8 faiz azalaraq, 49 nəfər (onlardan 29-u qadınlar) olub.
Hesabat dövründə 22485 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 16725 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Cinayət məsuliyyətinə cəlb olunmuşların 58,0 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,2 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.
Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,1 faiz təşkil edib.
2023-cü illə müqayisədə cinayət törətmiş qadınların sayı 4,9 faiz, 14-17 yaşda olan uşaqların sayı isə 4,5 faiz azalıb.