Beyləqan rayonunda yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, iyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib.
Nəticədə piyada hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.
Bundan başqa, iyulun 20-də saat 1 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini F.Fərzəliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Tural Bağırovu və Füzuli rayon sakini B.Əliyevanı vurub.
Nəticədə piyadalar xəsarətlə xəstəxanaya yerləşdirilib, T.Bağırov orada ölüb.
Hər iki faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.