"Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi" ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən qismən təkzib olunub.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bəzi media və sosial şəbəkə səhifələrində «Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi» ilə bağlı məlumat dərc edilib.
Həmin məlumat tərəfimizdən qismən təkzib olunmaqla bildirilir ki, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib.
Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilib, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilib.
Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15 fevral 2022-ci ildə apellyasiya protesti verilib və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır.