Beyləqan rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Dünyamalılar kəndi ərazisindəki mağazalardan nəğd pul və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Şükürov saxlanılıb.

Araşdırma zamanı Sahib Şükürovun may və iyun aylarında kənd ərazisindəki mağazalara qeyri-qanuni yollarla daxil olaraq 10 min manatdan artıq nəğd pul və digər əşyalar oğurladığı müəyyən edilib.

O, bu əməlləri törədərkən təhlükəsizlik kameralarına yaxalanmamaq üçün üzünü maska vasitəsi ilə gizlədib.

Lakin o, polis əməkdaşlarının keçrdiyi tədbirlərlə çox çəkmədən müəyyən olunaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sahib Şükürov barəsində Beyləqan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.