Masallı rayonunda sayt rəhbərinin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Məlumata görə, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Məlum olub ki, Zahir Əmənov Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. O icra nümayəndəsindən hədə-qorxu ilə pul tələb edib.

Masallı rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də “Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib və 1500 manat almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılıb.

Faktla bağlı Masallı rayon polis şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir.

Müxtəlif qəzet və agentliklərin cənub bölgəsi üzrə müxbiri olub.