BAKI, 20 noyabr. TELEQRAF
Koreyanın Azərbaycandakı səfiri Kimqu Kanq iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində diplomatik əlaqələrlə yanaşı, praktiki əməkdaşlığın və xalqlar arasında təmasların da rolunu vurğulayıb.
Teleqraf xəbər verir ki, bunu səfir Koreyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Kimqu Kanq qeyd edib ki, bu il Koreyanın Azərbaycandakı səfirliyinin açılmasının 20-ci ildönümüdür:
“Ötən müddətdə diplomatik əlaqələr, praktiki əməkdaşlıq və xalqlar arasında birbaşa təmaslar iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verib”.
Səfir səhiyyə sahəsində əməkdaşlığa da toxunub:
“Oktyabr ayında səkkiz azərbaycanlı tibb mütəxəssisi ənənəvi Koreya təbabəti üzrə təlim keçmək üçün ölkəmizə səfər edib. Səfər çərçivəsində tərəfdaş qurumlar arasında anlaşma memorandumu da imzalanıb”.
Diplomat əlavə edib ki, gələn həftə səfirlik Bakıdakı uşaq xəstəxanasına yeni tibbi avadanlıq təqdim edəcək.