BAKI, 22 oktyabr. TELEQRAF
Oktyabrın 22-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi çərçivəsində insanlar arasında təmasların qurulmasına müsbət təsir göstərməyə yönəlmiş görüşlərin keçirilməsini yüksək qiymətləndirib. Armen Qriqoryan onu da vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin işə cəlb olunması yalnız sülhü möhkəmləndirəcək.
Vətəndaş cəmiyyəti nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət ab-havanın təmin olunmasına görə erməni tərəfinə təşəkkür ediblər.
İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
İclasın ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.