BAKI, 13 oktyabr. TELEQRAF

Bu gün Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş formatının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı, bu təşəbbüs çərçivəsində 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda üç ölkənin dövlət başçılarının Zirvə toplantılarının keçirildiyi xatırladılıb.

Şahin Mustafayev oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin çıxışlarından sonra nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər geniş müzakirə edilib.

Üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.

***

Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçirilir.

Teleqraf xəbər verir ki, Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiqin rəhbərlik etdiyi görüş üç ölkə arasında nəqliyyat, energetika və gömrük sahələrində aktual mövzulara həsr edilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib, bu xüsusda hər iki ölkə ilə çoxşaxəli əlaqələrin bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcəyinə, yeni məzmunla daha da zənginləşəcəyinə əminliyini ifadə edib.

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş formatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığı, bu təşəbbüs çərçivəsində 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda üç ölkənin dövlət başçılarının Zirvə toplantılarının keçirildiyi xatırladılıb.

Bugünkü müzakirələrin üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.