BAKI, 11 avqust. TELEQRAF
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ zamanı uçan binanın dağıntıları altından daha iki nəfər çıxarılıb. Digər iki nəfərin axtarışları isə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O, dağıntılar altından çıxarılan yaşlı şəxsin həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişdiyini bildirib.
Sındırqı Bələdiyyə başçısı Serkan Sak verdiyi açıqlamada uçan bina ilə yanaşı, digər məhəllələrdə də 10-dan çox tikilinin dağıldığını, kəndlərin təxminən 60-70 faizi ilə əlaqə qurulduğunu, bu bölgələrdə də dağılan bina və məscidlərin olduğunu deyib.
Dağıntılar altından çıxarılan qoca xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında qalan daha bir neçə nəfər xilas edilib.
Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.