XANKƏNDİ, 19 iyul. TELEQRAF
"Təyyarə qəzası ilə bağlı təəssüf ki, Rusiya rəsmilərindən heç bir cavab ala bilməmişik. Hadisənin üzərindən yeddi ay keçib. Bizim üçün hər şey aydındır. Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur, nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar? Təyyarə qəzası ilə bağlı bizim tələblərimiz var".
Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib ki, ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir: "Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlat cəsarət və peşəkarlıq göstərdilər. Təyyarəni qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu.Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. Təyyarə vuruldu, sonra bir daha... Biz nə baş verdiyini bilirik. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı. Hər şey gün kimi aydındır. Baş prokurorumuz Rusiya İstintaq Komitəsinin rəhbərinə mütəmadi məktublar göndərir. Amma cavab sadəcə budur: ‘İstintaq davam edir”.
Dövlət başçısı bu vəziyyəti qəbuledilməz adlandıraraq qeyd edib ki, Azərbaycan bu prosesi unutmayacaq:
“Bu o demək deyil ki, biz bunu unuduruq. Xeyr. Biz unutmuruq və unudası deyilik”.
Prezident həmçinin bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq sisteminə müraciət etməyə hazırlaşır və bu istiqamətdə artıq Rusiya tərəfinə də rəsmi məlumat verilib:
“Biz hazırda beynəlxalq məhkəməyə təqdim ediləcək hüquqi portfeli hazırlayırıq. Rusiya tərəfini də bu barədə məlumatlandırmışıq. Bilirik ki, bu proses vaxt apara bilər. Malayziya hadisəsinin ədalətinə 10 il sərf olundu. Biz də 10 il gözləməyə hazırıq. Amma ədalət bərpa olunmalıdır. Azərbaycan geri çəkilməyəcək"