Çində səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyədən başlayaraq, Azərbaycan (Cənubi Qafqaz), Xəzər dənizi və Mərkəzi Asiyadan keçib Çinə çatacaq Orta dəhliz məsələsini gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, Orta dəhlizin Avropa ilə Asiya arasında 2 min kilometrlik daha qısa yol əlaqəsi təmin etdiyi və dəniz yolunu 15 gün qısaldığını bildirən Fidan bunun Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə təbii harmoniyada olduğunu qeyd edib.

Xarici işlər naziri dəhlizin Avropa və Afrika ilə yanaşı, Qara və Aralıq dənizlərinə də fasiləsiz və daha sürətli nəqliyyat təmin etdiyini söyləyərək, bu çərçivədə 2015-ci ildə bu iki təşəbbüsün uyğunlaşdırılması və genişləndirilməsi üçün Çinlə anlaşma memorandumu imzalandığını xatırladıb.

Orta dəhlizin “Bir Kəmər, Bir Yol” projesi ilə uyğunlaşdırılmasının önəminə diqqət çəkən Fidan Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Qəzzadakı savaşın Qırmızı dənizə təsir etdiyi və geosiyasi risklərin artdığı bu dövrdə layihənin getdikcə əhəmiyyətini daha da artırdığını vurğulayıb.

Hakan Fidan Orta dəhliz və “Bir Kəmər, Bir Yol” arasında “İnkişaf Yolu” kimi digər birləşdirici layihələrlə sinerji yaratmağın vacibliyinə diqqət çəkərək, bunun uğurlu regional inteqrasiya üçün Avrasiyanın iqtisadi güc mərkəzlərini birləşdirə biləcəyini qeyd edib.

Əlavə edək ki, Azərbaycan, Türkiyə və dünyanın bir çox digər ölkələrinin maraqlandığı Zəngəzur dəhlizi də Orta dəhliz və Çinin "Bir Yol, Bir Kəmər" layihəsi çərçivəsində nəzərdən keçirilir.