Hərbi ekspert Ədalət Verdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanın təşəbbüsü ilə üçüncü dəfə ölkəmizdə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir, tədbirdə mühüm sənəd imzalanıb. Sizcə, bu sənədin Azərbaycan və minalardan əziyyət çəkən digər ölkələr üçün önəmi nədir?

- Belə bir konfrans ölkəmizdə artıq üçüncü dəfə keçirilir. Bu, Azərbaycan ərazilərində Ermənistanın törətdiyi mina terrorunun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox önəmli tədbirdir. Digər tərəfdən isə bu konfransın birbaşa olaraq mina terrorundan əziyyət çəkən Azərbaycan tərəfinin məhz azad edilən ərazilərdə, yəni minalarla kifayət qədər çirkləndirilmiş Zəngilan rayonunda keçirilməsi çox müsbət haldır.

Azərbaycan tərəfi sırf mina təhlükəsinin yaratdığı reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər böyük və genişmiqyaslı tədbirlər görüb və görməkdə də davam edir. Amma əfsuslar olsun ki, biz beynəlxalq ictimaiyyətin bu təhlükəyə yetərincə adekvat reaksiyasını görmürük. Əslində onların reaksiyası məni çox da təəccübləndirmir. Yəni Xocalı soyqırımına, 30 illik işğala, 13500 kvadrat kilometr Azərbaycan ərazilərinin darmadağın edilərək, vətəndaşlarımızın doğma yurd-yuvalarından qovulmasına, bu ərazilərin mina tarlasına çevrilməsinə susanların bu gün nə isə müsbət, real addım atacaqlarını gözləmirəm. Ola bilsin ki, bəziləri bu proseslər çərçivəsində müəyyən bəyanatlar versinlər. Amma çox vaxt bu bəyanatlar ümumi sözlərlə ifadə olunur. Mina terrorunun müəllifi olan Ermənistanın və onun hərbi siyasi rəhbərliyinin adı çəkilmir. Bu proseslərə dəstək verən dövlətlərin, Ermənistanın havadarı olan ölkələrin adı çəkilmir. Bizi narahat edən əsas məsələ də budur.

- Konfransın məhz Zəngilanda keçirilməsi mina terroruna susan ölkələrə, onlara havadarlıq edənlərə qarşı da bir mesajdır...

- Narahatedici fakt ondan ibarətdir ki, bu beynəlxalq təşkilatlar Azərbaycan tərəfindən təşkil edilən bu konfranslarda müəyyən qədər aktiv iştirak etsələr də, Azərbaycan ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə ciddi dəstək vermirlər. Azərbaycan ərazilərində bu gün bir milyon yarıma yaxın partlamamış hərbi sursat və minalar olduğu hamıya məlumdur. Üstəgəl, Azərbaycan ərazilərində 1990-cı ildən bəri 3440 nəfər məhz Ermənistanın basdırdığı minaların qurbanı olub. Amma bu təşkilatlar heç olmasa bu mina terroruna görə Ermənistanı quru sözlə belə qınamaqdan çəkinirlər.

- Müharibədən xeyli zaman keçməsinə baxmayaraq, Ermənistan hələ də mina xəritələrini tam Azərbaycana vermir, verdikləri xəritələr də qeyri-dəqiq olur. Erməni tərəfi bu xəritələri verməməkdə nə məqsəd güdür?

- Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi birmənalı olaraq Azərbaycan vətəndaşlarının öz doğma yurd-yuvalarına qayıdışını ləngitmək mqəsədi daşıyır. Ən əsası onlar istəyirlər ki, daha çox insan bu minaların qurbanı olsun, yaxud da ömürlük əlil qalsın. Ermənistan tərəfinin əlində ən azından 2008-ci ildən sonra basdırılan minaların dəqiq xəritələrinin olduğunu tam əminliklə deyə bilərik. Çünki məhz bu tarixdən sonra bütün dünyada geniş şəkildə GPS sistemləri yayılmağa başlayıb. Həmin GPS sistemləri Ermənistanda da var. Minaların basdırılması da məhz bu GPS-nin vasitəsilə həyata keçirilib. Ona görə də Ermənistan tərəfi əgər Azərbaycana minalanmış ərazilərin dəqiq xəritələrini vermək istəyirsə, mən onların yerini Ermənistan hakimiyyətinin diqqətinə çatdıra bilərəm. Həmin dəqiq xəritələr Ermənistan Müdafiə Nazirliyinin Mühəndis Xidməti qoşunlarının arxivində saxlanılır.

- Səkkiz ölkə və səkkiz beynəlxalq təşkilat ANAMA-ya mina təmizləmədə dəstək göstərir. Bu prosesə digər ölkələrin cəlb edilməsi üçün hansı işlər görülməlidir?

- Bəzi ölkələr ANAMA ilə birgə çalışır, bu proseslərə dəstək verir. Amma Azərbaycan ərazilərinin və mövcud olan milyon yarıma yaxın partlamamış sursatların təmizlənməsinə, bütün ərazilərimizin partlamamış hərbi sursatlardan və Ermənistan minalarından təmizlənməsinə kifayət qədər böyük zaman və vəsait lazımdır. Dəstək verən ölkələrə təşəkkürümüzü bildiririk. Amma onların göstərdiyi məbləğ minatəmizləməyə lazım olan 25 milyard dollar vəsaitin çox-çox kiçik və cüzi hissəsidir.

Digər ölkələrin cəlb edilməsi isə elə də asan bir məsələ deyil. Biz bu konfransları həmin ölkələri bu minatəmizləmə prosesinə cəlb etmək üçün təşkil edirik. Üçüncü dəfə konfrans keçiririk, cəmi səkkiz beynəlxalq təşkilat bizə dəstək verir. İndi gəlin onların verdiyi dəstəyi cəmləyək vəsait olaraq və baxaq görək bu ümumi məbləğin neçə faizini təşkil edir. O zaman bütün mənzərə tam çılpaqlığıyla gözlərinə səriləcək.