Ermənistan istəyir ki, sülh danışıqları səmərəli olsun, müzakirələr zamanı formalaşmış bütün məntiq sülh sazişində əksini tapsın.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan rəsmi Bakının danışıqların ikitərəfli formatda aparılması təklifinə münasibət bildirərkən deyib.
“Danışıqların məzmunu vacibdir. Danışıqlar formatına gəlincə, biz vurğulayırıq ki, artıq formalaşmış formatlar, xüsusən də xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda, dövlət başçıları səviyyəsində Brüsseldə aparılan danışıqlar davam etdirilsin. Bunlar danışıqlara müəyyən beynəlxalq səlahiyyətlər verir, danışıqları daha legitim, həmçinin riskləri daha idarəolunan edir”, - komitə sədri bildirib.
Xandanyan xatırladıb ki, sərhəd məsələsi ilə bağlı ikitərəfli danışıqlar davam edir, ötən ilin dekabrında saxlanılan hərbçilərin qaytarılması ilə əlaqədar birbaşa ikitərəfli danışıqlar aparılıb: “Oxşar məsələlər çərçivəsində Ermənistan danışıqları davam etdirməyə hazırdır”.
Beynəlxalq vasitəçilərin razılaşmaların yerinə yetiriləcəyinə zəmanət verməsi məsələsinə gəlincə, Xandanyan söyləyib:
“Vasitəçilərin qarant və ya sadəcə vasitəçi olması da problem və müzakirə mövzusudur. Bunlar danışıqlar zamanı ortaya çıxan suallardır”.