ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlaması erməniləri təşvişə salıb. ABŞ rəsmisi Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində təsiredici rol oynaya biləcəyini deyib.
Teleqraf.com xəbər verir ki, Millerin açıqlamasından sonra Ermənistan mediasında isterika hökm sürür.
Erməni mənbələri ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan arasındakı son telefon danışığından sonra verilən açıqlamanı təsadüfi hesab etmirlər. Ermənilər Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı Blinken və Fidan arasındakı əməkdaşlığa şübhə ilə yanaşırlar və iki ölkə arasında mümkün anlaşmadan ehtiyatlanırlar.
ABŞ rəsmisinin açıqlamasını müzakirəyə çıxaranlardan bir də Ermənistanın “Yerevan Today” nəşridir. Ağlasığmaz iddialarla dolu olan məqalədə başda ABŞ olmaqla Qərb dövlətləri Ermənistanı “türkləşdirmək”də ittiham olunur, baş nazir Nikol Paşinyan və komandası isə “türksevər” adlandırılır.
Millerin Rusiya ilə bağlı açıqlaması da erməni nəşrində qıcıq yaradıb:
“ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə Türkiyənin bu prosesdə hansı rol oynaya biləcəyi sualına münasibət bildirərkən, deyib ki, Vaşinqton həqiqətən Türkiyənin bu məsələdə təsirli rol oynaya biləcəyinə inanır. Üstəlik, ABŞ Dövlət Departamentinin nümayəndəsi Rusiyanın bu prosesdəki rolundan danışmaq istəmədiyini bildirib.
ABŞ nümayəndəsinin Rusiya haqda niyə eyni kontekstdə danışmaq istəməməsi də anlaşılandır. ABŞ-ın məqsədləri kifayət qədər açıq ifadə olunub”.
“Yerevan Today” yazır ki, ABŞ-ın Türkiyənin Cənubi Qafqazda güclənməsinə önəm verməsi təsadüfi deyil:
“ABŞ-ın hədəfləri bəllidir: Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq və İrana hücum üçün tramplin yaratmaq. Ermənistanın burada olub-olmaması ABŞ-ı qətiyyən maraqlanmır. Onlar buna çox əhəmiyyət verirlər - Amerikanın müttəfiqi Türkiyədir. ABŞ yarım əsrdən çoxdur Türkiyə ilə işləyir. ABŞ özü bölgədə birbaşa nəzarəti qura bilmədiyindən onu burada Türkiyə təmsil edir”.