“Ermənistandan əli üzülən Arutyunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Separatçıların lideri Araik Arutyunyan İkinci Qarabağ Müharibəsindən sonra “vəzifə”sindən “istefa” verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistan və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona izah etdilər ki, indi “istefa” verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək.

Üstündən üç ilə yaxın müddət keçib, Arutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu, mümkün də deyil, halqa onun üçün daralmaqdadır.

Araik Arutyunyan qaçmaq istəsə, Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər. Baş separatçının Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi “son güllələr”idir. Ermənistandan əli üzülən Arutyunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır”, - ekspert bildirib.