BAKI, 25 sentyabr. TELEQRAF
Sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Teleqraf xəbər verir ki, söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” və “Global Infrastructure Partners” (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunulub.
Görüşdə Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” (GIP) arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulanıb. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olunub.
Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və “BlackRock” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunulub. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulanıb.
Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan “BlackRock”un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən “BlackRock” enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. “Global Infrastructure Partners”in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin “BlackRock”, “Microsoft” və “MGX” ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.