BAKI, 9 iyul. TELEQRAF
“Zirə”nin türkiyəli futbolçusu Eren Aydın Teleqraf-a müsahibə verib.
23 yaşlı hücumçu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) üzərində Bakıda qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib, cavab görüşü ilə bağlı fikirlərini bölüşüb.
O, həmçinin “Zirə” ilə yeni müqavilə imzalamasının səbəblərindən, Türkiyə millisinin DÇ-2026-dakı uğursuz çıxışından və gələcək hədəflərindən danışıb.
- Oyunla bağlı fikirləriniz necədir?
- Düşünürəm ki, çox yaxşı oyun keçirdik. Yeni mövsümdə ilk rəsmi matçımız olduğuna görə 70-ci dəqiqədən sonra komanda olaraq bir qədər yorulduq. Amma qalib gəlməyi bacardıq. Əlimizdən gələnin ən yaxşısını etdik.
- Sizin üçün avrokuboklarda iştirak gözlənilməz oldu. Bu amil komandanıza nə dərəcədə təzyiq yaratdı?
- Gürcüstan çempionatı davam etdiyi üçün “Torpedo” daha hazır vəziyyətdə idi. Biz isə elə deyildik. Hamı istirahətdən yeni qayıtmışdı. Hər şey qəfil baş verdi. Amma xoşbəxtik. Cavab oyununda daha yaxşı çıxış etmək istəyirik. Məqsədimiz mərhələni keçmək və qruplara qədər getməkdir. Klub tarixində bu, ilk olacaq. Öncəliyimiz budur.
- Cavab matçında sizi hansı çətinliklər gözləyir?
- Heç bir qarşılaşma cavab oyunu keçirilmədən qazanılmış sayılmır. Təbii ki, üstün tərəf bizik. Amma futbolda hər şey mümkündür. Məsələn, DÇ-2026-nın 1/8 finalında Argentina Misirlə oyunda 0:2 hesabından sonra 3:2 qalib gəldi. Buna görə də cavab matçında da əlimizdən gələni etməliyik.
- “Zirə” ilə yeni müqavilə imzaladınız. Bu necə baş tutdu?
- Mənə çoxlu transfer təklifləri var idi. İstər Azərbaycan Premyer Liqasından, istərsə də digər ölkələrdən. Amma Rəşad Sadıqovun mənə olan münasibəti çox fərqlidir. O, mənə güvənir və yaxşı şans verir. Onunla danışdıqdan sonra başqa klubların təkliflərini qəbul etmədim və Rəşad müəllimlə davam etməyi seçdim.
- Azərbaycanda başqa klublardan təklif aldığınıza dair iddialar nə dərəcədə həqiqətəuyğundur?
- Azərbaycandan təklif aldığım doğrudur. Amma konkret və rəsmi bir şey yox idi.
- Türkiyə millisi DÇ-2026-da qrupdan çıxa bilmədi və mübarizəni erkən dayandırdı. Türkiyəli futbolçu kimi bunun səbəbini nədə görürsünüz?
- Türkiyə millisi ilə bağlı düşüncələrim xəyal qırıqlığıdır. Ölkə olaraq daha yaxşı nəticələr gözləyirdik. Amma futbol belədir. Deməli, matçlar oynanmadan qazanılmır. Hamının video çəkib yutubda paylaşması vacib deyil. Əsas odur ki, komanda meydanda mübarizə aparsın. Təəssüf ki, bu olmadı. Amma futbolda belə hallar yaşanır. İnanıram ki, növbəti turnirlərdə daha uğurlu olacağıq.
- Sizcə, uğursuzluqda əsas səbəb nə idi?
- Məncə, əsas səbəb futbolçuların özünə həddindən artıq arxayın olması idi. Futbolda mübarizə aparmadan qalib gəlmək mümkün deyil. Mənə elə gəldi ki, komandada məhz mübarizə çatışmırdı. Bu, mənim şəxsi fikrimdir.
- Gələcəkdə sizi də Türkiyə millisində görə bilərik?
- İnşallah.
- DÇ-2026-da favoritiniz kimdir?
- Fransadır.