BAKI, 10 iyun. TELEQRAF
Macarıstan və Qazaxıstan milliləri arasında keçirilən yoldaşlıq görüşündə qeyri-adi hadisə yaşanıb.
Teleqraf "A Bola"ya istinadən xəbər verir ki, qarşılaşma zamanı stadionda quraşdırılmış və dörd kabel vasitəsilə havada saxlanılan televiziya kamerası qəfil meydançaya düşüb.
Tribunadan çəkilən görüntülərdə cihazın yerə çırpılmamışdan əvvəl tüstü buraxdığı görünür. Kamera meydançadakı operatorlardan birinin yaxınlığına düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisədən sonra qurğu meydançadan götürülüb və oyun davam etdirilib.
Qeyd edək ki, Debretsen şəhərində baş tutan qarşılaşmada Macarıstan millisi 3:1 hesablı qələbə qazanıb.