BAKI, 29 aprel. TELEQRAF
PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında göstərdiyi performansla klub tarixinə düşüb.
Teleqraf xəbər verir ki, gürcü futbolçu yarımfinal mərhələsində "Bavariya" (5:4) ilə keçirilən oyunda dubl edərək komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
25 yaşlı futbolçu cari Çempionlar Liqası mövsümündə 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Beləliklə, o, turnirin bir mövsümündə ən çox qol töhfəsi verən PSJ futbolçusu adına sahib çıxıb.
Bununla Kvaratsxeliya ötən mövsüm 8 qol və 6 assist edən Usman Dembeleni geridə qoyub.
Qeyd edək ki, PSJ ilə "Bavariya" arasında cavab qarşılaşması mayın 6-da Almaniyada, "Allianz Arena" stadionunda keçiriləcək.