BAKI, 27 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIX turunda “Sabah” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşün 36-cı dəqiqəsində qonaqların futbolçusu Tompson Qavi ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq meydandan qovulub. 64-cü dəqiqədə isə “bayquşlar”ın üzvü Aleksey İsayev birbaşa “qırmızı” ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra Valdas Dambrauskasın komandası xallarını 72-yə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib, Füzuli Məmmədovun kollektivi isə 14 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Daha öncə keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” matçında (1:1) qalib müəyyənləşməyib, “Şamaxı” “Kəpəz”i (2:0) məğlub edib, “İmişli” “Sumqayıt”a (0:2), “Neftçi” isə “Qarabağ”a (1:5) uduzub.