BAKI, 18 mart. TELEQRAF

Nigeriya futbol rəhbərliyinin Konqo Demokratik Respublikası (KDR) millisinə qarşı FIFA-ya etdiyi şikayət nəticəsiz qalıb.

Teleqraf xəbər verir ki, Nigeriya tərəfi KDR-in heyətində yer alan 6-dan 9-dək futbolçunun beynəlxalq vətəndaşlığını qaydalara zidd şəkildə dəyişdiyini iddia edib.

Şikayətə Kamerun da ayrıca petisiya ilə qoşulub.

Bütün arqumentlərə baxmayaraq, FIFA-nın İntizam Komitəsi şikayəti rədd edib. Lakin nigeriyalılar geri çəkilmək niyyətində deyillər və artıq İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verəcəklərini bəyan ediblər.

Hələlik prosesin qitələrarası pley-off matçlarına (26 mart) qədər yekunlaşıb-yekunlaşmayacağı məlum deyil. Nigeriya bu oyunlarda KDR-i əvəzləməyə çalışır. Cədvələ əsasən, həmin komanda martın 31-də Yeni Kaledoniya və ya Yamayka ilə qarşılaşmalıdır. Həmin matçın qalibi dünya çempionatına vəsiqə qazanacaq.