BAKI, 12 mart. TELEQRAF

ABŞ-nin "Los-Anceles" komandası keçmiş futbolçusu Karlos Velanın klubun sahiblərindən birinə çevrildiyini açıqlayıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Meksika millisinin sabiq üzvü 2017-ci ilin avqustunda komandaya qoşularaq, klubun 2018-ci ildəki debüt mövsümü öncəsi müqavilə imzaladığı ilk futbolçu kimi tarixə düşmüşdü.

O, MLS tarixinin ən titullu oyunçularından biri olmaqla yanaşı, "Los-Anceles"də ən çox oyun keçirən (152), ən çox qol vuran (78) və ən çox məhsuldar ötürmə edən (42) futbolçudur.

2019-cu ildə forvard 34 qol vuraraq liqa rekorduna imza atmış və mövsümün ən dəyərli oyunçusu (MVP) seçilmişdi. Karlos Vela sahibkar rolundan əlavə, klubun səfiri vəzifəsini də yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, Karlos Vela karyerası ərzində "Arsenal", "Selta", "Salamanka", "Osasuna", "Vest Bromviç" və "Real Sosyedad" klublarında da çıxış edib.