YEVLAX, 15 fevral. TELEQRAF
“Bu mövzunu, məncə, bağlamaq vaxtıdır. Mən və rəhbərlik görüşdük və qərar verdik ki, Azərbaycan komandasıdır, belə bir çətin vaxtda dəstək olmaq lazımdır. “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzu edirəm. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
60 yaşlı mütəxəssis matçla bağlı bu sözləri deyib: “Bu oyundan sonra iki gün istirahət olacaq. Növbəto həftə oyunumuz yoxdur. Buna görə, rəhbərlikdən xahiş etmişəm ki, nəsə bir oyun təşkil etsin. Bu olmasa da, öz aramızda oynayacağıq ki, temp düşməsin. Futbolçular üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və 3 xalı qazandıq. Mən futbolçularla çox ünsiyyətdə oluram, inanıram ki, daha yaxşı olacaq”.
Baş məşqçi bu oyunda “dubl”a imza atan Bassala Sambu ilə Vensan Abubakarı müqayisə edib: “Hər ikisi yaxşı oyunçulardır ki, “Neftçi”də oynayırlar. Aralarında seçim etmək bir məşqçi olaraq mənə çətindir. Amma həm Abubakar, həm də Sambudan razıyam. Bu cür davam etsələr daha yaxşı olacaq”.
Vernidub bu yaxınlarda yubileyini qeyd edən “Forza Neftçi”ni də təbrik edib: “İlk növbədə azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Bir neçə həftə əvvəl “Forza Neftçi”nin ad günü tədbiri idi. Həmin vaxt xəstələndiyim üçün tədbirdə iştirak edə bilmədim. Birinci növbədə buna görə, azarkeşlərdən və rəhbərlikdən üzr istəyirəm ki, orada iştirak edə bilmədim”.