BAKI, 9 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanı çempionatının XXI turunda “Əl-Nəsr”ə 0:2 hesabı ilə məğlub olan “Əl-İttihad” klubu oyunun hakim idarəçiliyindən rəsmi şikayət edib.
Teleqraf xəbər verir ki, Ciddə təmsilçisi məğlubiyyətin əsas səbəbi kimi sloveniyalı referi Slavko Vinçiçin ciddi səhvlərini göstərib.
Klubun yaydığı bəyanatda hakimin “Əl-Nəsr”in qapısına iki aşkar penaltini təyin etmədiyi vurğulanır: “Bu səhvlər matçın gedişatına və nəticəsinə birbaşa təsir göstərdi. Xüsusilə VAR texnologiyasının köməyi ilə baxılan epizodda 11 metrlik cərimə zərbəsinin təyin olunmaması ədalət prinsipini şübhə altına qoyur”.
Maraqlıdır ki, referi epizodlardan birində VAR monitoruna yaxınlaşaraq rəqib müdafiəçisi Mohamed Simakanın əllə oyununu izləsə də, qərarını dəyişməyib. “Əl-İttihad”ın narazılığını artıran digər məqam isə “Əl-Nəsr”in ilk qolunun məhz əllə oyuna görə təyin edilmiş penaltidən vurulması olub.
Klub rəhbərliyi müvafiq qurumlardan bu epizodların yenidən araşdırılmasını və hakimlikdə qərəzsizliyin təmin olunması üçün lazımi tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, “Əl-Nəsr” 49 xalla turnir cədvəlinin ikinci, “Əl-İttihad” isə 34 xalla yeddinci pilləsində qərarlaşıb.