BAKI, 24 yanvar. TELEQRAF

Almaniya futbolunun əfsanəsi Lotar Matteus xoşagəlməz hadisə ilə üzləşib.

Teleqraf “Bild”ə istinadən xəbər verir ki, 65 yaşlı sabiq futbolçu Avstriyanın Oberlex-am-Arlberq kurortunda xizək sürərkən yıxılıb.

Nəticədə onun çiyninin bağlarında ikiqat qopma qeydə alınıb. Matteus əməliyyat olunması üçün Münhenə aparılıb.

Qeyd edək ki, 1990-cı il dünya çempionu olan Lotar Matteus həmin il “Qızıl top” mükafatına layiq görülüb. O, karyerası boyu “Borussiya Mönhenqladbax”, “Bavariya”, “İnter” (İtaliya) və “Nyu-York MetroStars” (ABŞ) klublarında çıxış edib.