BAKI, 21 yanvar. TELEQRAF
İngiltərə təmsilçisi “Arsenal” UEFA Çempionlar Liqasında klub tarixinin bütün dövrlər üzrə rekordunu müəyyənləşdirib.
Teleqraf “Squawka” nəşrinə istinadən xəbər verir ki, “topçular” buna turnirin əsas mərhələsinin VII turunda “İnter”i 3:1 hesabı ilə məğlub etməklə nail olublar.
Bununla da “Arsenal” tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl yeddi qələbə qazanıb. Bu qarşılaşmalarda top fərqi 20:2 olub.
Xatırladaq ki, “İnter”lə oyundan əvvəl London təmsilçisi Çempionlar Liqasında “Atletik”i (2:0), “Olimpiakos”u (2:0), “Atletiko”nu (4:0), Çexiyanın “Slaviya” klubunu (3:0), “Bavariya”nı (3:1) və “Brügge”ni (3:0) məğlub etmişdi.
Hazırda “Arsenal” 21 xalla Çempionlar Liqasının turnir cədvəlinə başçılıq edir. “İnter” isə 12 xalla doqquzuncu pillədə qərarlaşıb.