BAKI, 16 yanvar. TELEQRAF

Almaniyanın "Ayntraxt Frankfurt" klubu "Qarabağ"la keçiriləcək UEFA Çempionlar Liqası oyununa ciddi itkilərlə çıxacaq.

Teleqraf xəbər verir ki, Bundesliqa təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə bir sıra aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək.

Baş məşqçi Dino Toppmellerin rəhbərlik etdiyi komandanın xüsusilə hücum xəttində ciddi problemlər var.

Belə ki, "qırmızı-qaralar"ın əsas forvardları hesab olunan Conatan Burkardt və Mişi Batşuayi uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan kənar qalıblar.

Digər qol ümidi Elye Vai isə ilin əvvəlində Fransanın "Nitsa" klubuna icarəyə göndərilib.

Xəstəlik səbəbindən heyətdən kənarlaşdırılan Mario Götzenin matça qədər sıraya dönəcəyi gözlənilsə də, eyni problemlə üzləşən yarımmüdafiəçi Uqo Larsson hələ ki, kollektivə qoşulmayıb. Komandanın türkiyəli ulduz oyunçusu Can Uzun da zədəlidir və onun Bakıdakı matçı buraxacağı təxmin edilir.

Müdafiə xəttində isə Elias Baum və Timoti Çendler zədə səbəbindən heyətdə olmayacaqlar. Yeni transfer Yunes Ebnutalib isə Bundesliqanın son turunda "Ştutqart"a qarşı keçirilən oyunda (2:3) xəsarət alaraq meydanı tərk edib. Onun adı isə ÇL-in oyunları üçün iştirak ərizəsinə salına bilməz.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" qarşılaşması yanvarın 21-də keçiriləcək. 6 turdan sonra Ağdam klubu 7 xalla 22-ci, Frankfurt təmsilçisi isə 4 xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. "Ayntraxt Frankfurt" bu gün Almaniya çempionatının XVIII turu çərçivəsində "Verder Bremen"in qonağı olacaq.