BAKI, 29 dekabr. TELEQRAF
Fransanın PSJ klubunun futbolçusu Usman Dembele 2025-ci ildə dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarını qazanaraq tarixi uğura imza atıb.
Teleqraf xəbər verir ki, sentyabrın 22-də Parisdə keçirilən təntənəli mərasimdə “Qızıl top” ("Ballon d'Or") mükafatına layiq görülən 28 yaşlı hücumçu uğurlarını davam etdirərək digər ali mükafatları da şəxsi kolleksiyasına əlavə edib.
Dekabrın 16-da Dohada keçirilən tədbirdə o, “The Best FIFA” (Dünyanın ən yaxşı kişi futbolçusu) mükafatını qazanıb. Nəhayət, ötən gün Dubayda baş tutan “Globe Soccer Awards” mərasimində Dembele ilin ən yaxşı futbolçusu seçilərək 2025-ci ildə fərdi mükafatlar baxımından “het-trik” edib.
Bu nailiyyətlə Usman Dembele bir təqvim ilində hər üç titulu eyni vaxtda qazanan Kriştianu Ronaldunun uğurunu təkrarlayıb. Portuqaliyalı ulduz bunu karyerası ərzində iki dəfə (2016 və 2017-ci illərdə) edib.
Xatırladaq ki, Usman Dembele 2024/2025-ci illər mövsümündə PSJ-nin heyətində UEFA Çempionlar Liqası, Fransa Liqa 1 və Fransa Kubokunun qalibi olub. O, mövsüm ərzində bütün turnirlərdə 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.