BAKI, 28 dekabr. TELEQRAF
Səudiyyə Ərəbistanı çempionatının XI turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Əhdud” klubununu 3:0 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, oyunun əsas qəhrəmanı dubl müəllifi olan portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu olub.
Bu qollar sayəsində 40 yaşlı forvard 2025-ci təqvim ilində vurduğu qolların sayını 40-a çatdırıb. Bununla da Ronaldu karyerası ərzində 14-cü dəfə bir təqvim ilində 40 və daha çox qol vurmaqla dünya futbolunda yeni bir rekorda imza atıb.
Kriştianu Ronaldu 40+ qol göstəricisinə 2010–2018, 2020–2021 və 2023–2025-ci illərdə nail olub. Hücumçu üçün ən məhsuldar il 2013-cü il (63 qol) hesab olunur. Bu dublla Ronaldunun rəsmi matçlarda vurduğu qolların ümumi sayı 956-ya yüksəlib.
Qeyd edək ki, “Əl-Nəsr” cari mövsümdə keçirdiyi 10 oyunun hamısında qələbə qazanaraq 30 xalla turnir cədvəlinə başçılıq edir. Ronaldu isə komanda yoldaşı Joau Felikslə birgə 12 qolla bombardirlər siyahısının lideridir.