BAKI, 11 dekabr. TELEQRAF
“Qarabağ” - “Ayaks” matçının final fiti səsləndirilməsindən sonra günahkar axtarışına çıxmışıq. Hərə özünə görə subyektiv fikir irəli sürür. Kimisi Nərimanı, kimisi Qurban Qurbanovu, kimisi də Addaini ittiham edir. Təbii ki, müəyyən mənada haqlı olanlar da var.
Oyundan əvvəl demək olar, hər kəs bu düşüncədə idi:
- “Ayaks” keçirdiyi 5 oyunun hamısında uduzub, cəmi bir qol vurub. “Qarabağ” da udub xallarının sayını 10-a çatdıracaq, evdə də “Ayntraxt”dan bir xal alsaq, bəsdir, pley-offa çıxırıq...
Yəni, tam arxayınlıq... Bəs, nədən irəli gəlirdi bu arxayınlıq?
Qurbanovun özünün də oyundan öncə dediyi kimi, elə ən təhlükəli düşüncə bu idi. Görünür, nə qədər inkar etməyə çalışsalar da, futbolçular da bu düşüncədən xilas ola bilməmişdi, meydana “Karvan-Yevlax”a qarşı olduğu kimi çıxmışdılar.
2:1-dən sonra “artıq 3 xal bizimdir” düşüncəsində olub yəqin ki, matçın final fitini gözləmədən erkən yatanlar da olub. Amma hakimin final fitindən sonra biz demək olar ki, həm yuxudan, həm eyforiyadan ayıldıq. Yorulduq, çatdırmadıq...
O gün Qurban Qurbanova sual verdilər ki, hocam, mövsümün əvvəlində təyin etdiyiniz hədəfin nə qədərinə çatmısınız?
Təcrübəli mütəxəssis cavab verir:
“Bəlkə də razılaşa bilərik ki, buna nail olmuşuq. “Benfika” üzərində qələbəni yenilik kimi qəbul etmişik. Daha sonra davamı gəldi. Sadəcə, ümumi götürsək, illik nəticəyə görə çox yaxşıdır”.
Yəni, “Qarabağ”ın özü də tarixində 8 illik fasilədən sonra ikinci dəfə qatıldığı Çempionlar Liqasının əsas mərhələsində 7 xal toplayacağını ağlının ucundan belə keçirmirdi. Kimə desəydin ki, “Qarabağ” “Benfika” səfərində 0:2-dən geridönüş edərək qələbə qazanacaq, adamı ən yaxşı halda Maştağadakı Psixiatriya Xəstəxanasına yerləşdirərlər...
Elə buna görə də, sırf Çempionlar Liqası üçün milyonlar ödənilib transfer edilmədi, ümid Nərimanla Musaya, hətta gözlənilmədən Addaiyə qaldı.
Hə, “Kopenhagen” üzərində qələbə gözlənilən idi, elə qrupda ağdamlıların babında olan yeganə komanda da Danimarka təmsilçisidir. “Napoli”, “Atletik”, “Çelsi”, “Liverpul”...
Və “Ayaks”ın özü hansı səviyyədir? Ötən gün gəncləri “Qarabağ”ın gənclərinin gözünün yaşına da baxmayıb – 0:8. Ağdam klubunun gənclər komandası 6 oyunda qapısında 30 qol görüb, bunlardan yalnız birinin əvəzini çıxa bilib.
“Ayaks”ın fəlsəfəsi, uşaq akademiyası, əfsanəvi Yohan Kroyfun tətbiq etdiyi sistemi və daha nələri var, amma “Qarabağ”ın nəinki heç akademiya binası, heç onu tikməyə torpaq sahəsi də yoxdur.
“Qarabağ” Çempionlar Liqasında heyətinin dəyəri ən aşağı olan axırdan ikinci komandadır. Ağdam təmsilçisi bu göstəricidə yalnız Qazaxıstan “Kayrat”ından üstündür. Amma “atlılar” bu büdcə ilə Çempionlar Liqasında edə biləcəyinin ən maksimumunu edib, hətta başından yuxarı da tullanıb.
Əminəm ki, əsas mərhələsinin startında düşüncə belə olub ki, bir qələbə qazana bilsək, möhtəşəm nəticədir. Amma Qurban Qurbanovun komandası gözlənilmədən “Benfika” üzərində qələbə qazanmaqla, “Kopenhagen”i məğlub yola salmaqla və heyətinin dəyəri 1.2 milyard avro olan “Çelsi”dən xal almaqla həm özünü, həm də bizi işə saldı. Bizi reallığı unudaraq şirnikləndirdi...
Təbii ki, Nərimanı tənqid etməklə haqlıyıq, 21 yaşlı hücumçu Çempionlar Liqası səviyyəsində futbolçu deyil, heç Addainin özü də. Hücum xəttinin “dişsizliyi”, yetərsiz olması yuxarıda da qeyd etdiyim kimi, möcüzəvi çıxışa bəlkə də inanmamaqdan irəli gəlir. Amma bu futbolçularla ÇL-də bu səviyyəyə gəlməyin özü də baş məşqçinin ən üst səviyyəsinin göstəricisidir.
Qurban Qurbanovu tənqid edirik. Niyə? Ən aşağı büdcəli heyətlə nəhənglərlə başabaş mübarizə apardığı üçün?..
Əminəm, “Qarabağ” növbəti matçlarda “Ayntraxt”a qalib gəlib “Liverpul”a uduzsa, yenə tənqid edəcəyik...
Vallah, Qurban Qurbanov özünü işə salıb...